Salam dostlar,
Bu məqaləmdə sizə virtualizasiya haqqında bəhs edərək virtualizasiyanın üstünlükləri, növləri və s. kimi məqamlara toxunacam. İlk öncə yaxın keçmişə səyahət edərək, virtualizasiyadan əvvəlki dövrü nəzərdən keçirərək yaxın keçmiş ilə indiki dövrü müqayisə edək. Bu dövrləri-yəni yaxın keçmiş dövrü ənənəvi arxitektura (traditional architecture), indiki dövrü isə virtual arxitekturası (virtual architecture) dövrləri kimi adlandırmaq da olar.
- Ənənəvi arxitektura: Bu dövrdə şirkətlər, idarələr, müəssisələr və s. ənənəvi olaraq fiziki server-lərdən istifadə edirdilər. Bu zaman, maliyyə imkanları yüksək olan bəzi böyük şirkətlər həddindən artıq maliyyə xərcləri çəkərək proqram təminatı və tətbiqlərin mükəmməl, fasiləsiz işləməsi və sistemin stabilliyinin təmin edilməsi, iş yükünün asan bölüşdürülməsi və s. istiqamətində hər bir proqram təminatı və tətbiq üçün ayrıca bir fiziki server və əməliyyat sistemi qurmaq məcburiyyətində qalırdılar. Maliyyə imkanları az olan bəzi şirkət və müəssisələr isə proqram təminatı və tətbiqləri bir fiziki server-də istifadə edirdilər ki, bu zaman bir proqram təminatı və tətbiqin funksionallığı bütün fiziki server-in resurslarını həddindən artıq əhatə edirdisə, bu da eyni fiziki server-də yer alan digər proqram təminatı və tətbiqlərin funksionallığına öz mənfi təsirini göstərmiş olurdu;
- Virtual arxitektura: Ənənəvi dövrə nisbətən bu dövr daha məqsədə uyğun dövr hesab olunur və bu dövrü virtuallaşdırma dövrü kimi adlandırsaq, fikrimcə heç də yanılmarıq. Bu zaman virtualizasiya anlayışı meydana gəldi ki, ənənəvi dövrdə olan hər bir fiziki server üçün ayrıca əməliyyat sistemi qurub, üzərində proqram təminatı və tətbiqlər həyata keçirməkdənsə, (əhatəli və geniş resurslara malik) bir fiziki server üzərində virtualizasiya qurub, həmin virtualizasiya üzərində də bir çox virtual maşınlar (VM) yaradaraq, müxtəlif proqram təminatı və tətbiqlərin həyata keçirilməsini, ən əsas da maşınlar, proqram təminatı və tətbiqlər arasındakı izolyasiyanın asan təmin edilməsini həyata keçirmək daha da məqsədəuyğun və mümkün olur. Bu zaman hər bir virtual maşını əməliyyat sistemi daxil olmaqla, bütün komponentləri virtualizasiya edilmiş cihazın üzərində işləyən bütöv bir fiziki maşın kimi də fərz etmək olar.
Virtualizasiyanın üstünlükləri:
Beləliklə, şəkilli nümunələrdən də aydın olduğu kimi, virtualizasiya platforması istifadə etməklə aşağıdakı üstünlüklər və qənaətlər əldə edilmiş olur:
- ayrılma (separation), bölünmə (partitioning) və izolyasiya;
- inkapsulyasiya (köçürmə/copy, daşıma/move və bərpa/restore);
- fiziki sərbəstlik (hardware independence) və effektiv miqrasiya prosesi ilə asan idarəliçik (administration);
- birləşdirmə prosesləri nəticəsində virtual maşın, eləcə də proqramların idarəsi zamanı yüksək stabillik, effektivlik və sürətlilik;
- asan nüsxə (backup) və hər hansı bir xəta nəticəsində həmin nüsxədən asan bərpa (restore) prosesinin aparılması zamanı vaxta qənaət olunması;
- xərclərin (cost) azaldılması;
- fiziki avadanlıqların (serverlərin) ixtisar edilməsi ilə "rack"-də və ümumi olaraq serverlər olan ərazidə əlavə yer tutumunun qarşısının alınması və enerji sərfiyyatına qənaət edilməsi;
Virtualizasiyanın növləri:
Virtuallaşdırma bir fiziki maşında birdən çox virtual maşını işlətməyə imkan verir və hər bir virtual maşın həmin fiziki kompüterin resurslarını bir neçə mühitdə paylaşır. Fərqli virtual maşınlar eyni fiziki kompüterdə müxtəlif əməliyyat sistemləri, birdən çox proqram təminatı və tətbiqləri işlədə bilir.
Virtualizasiyanın aşağıdakı növləri vardır:
- Application Virtualization;
- Network Virtualization;
- Desktop Virtualization;
- Storage Virtualization;
- Server Virtualization;
- Data virtualization.
Virtuallaşdırmada bir fiziki serverin (host) resurslarını müxtəlif virtual maşınlara (guest) paylayan və virtual maşınların yaradılması və istifadəsini həyata keçirən "Hypervisor/VMM" (Virtual Machine Monitor) anlayışı da vardır ki, məhz bu "hypervisor"-un 2 cür - "Bare Metal" (Type1) və "Hosted" (Type 2) növləri vardır.
Şəkildən də göründüyü kimi, "bera metal" (type1) növdə fiziki infrastruktur üzərinə bir başa olaraq "hypervisor" (virtualizasiya) yazmaqla, "hosted" (type2) növdə isə fiziki infrastruktur üzərinə əməliyyat sistemi, daha sonra isə həmin əməliyyat sistemi üzərinə "hypervisor" (virtualizasiya) yazmaqla virtual maşınlar (guest OS) paylanmış olur. Korporativ (production) mühit üçün "bera metal" (type1) növü, laboratoriya (lab) mühitdə öyrənmə və korporativ (production) mühitdə tətbiq etmə məqsədləri üçün isə "hosted" (type2) növü tətbiq edilir.
Virtuallaşdırma üçün bir çox şirkətlərin yaratdıqları virtual platformalar, yəni proqramlar vardır ki, onlardan "Microsoft" (Windows)-un "Hyper-V", "VMware"-in "vSphere", "Linux üçün "KVM" və s. virtual platformalarını nümunə göstərmək olar.
Dostlar,
Güman edirəm ki, bu məqaləm də sizin üçün faydalı olar!
Təşəkkür edirəm və uğurlar!
Hörmətlə,
Müəllif
Araz Əhmədov
Comments
Post a Comment